tgoop.com/grammarazi1/575
Last Update:
Dilimizin kasıb və ya zəngin olması məsələsi maraqlı, amma faydasız müzakirə mövzusudur. Bu mövzu haqqında azərbaycanca danışa bilən hər kəs fikir bildirir. Hər kəs. İnsanlar var ki, "da"nı sözdən ayrı yaza bilmirlər, amma dilimizin imkanları haqqında müzakirələrə qoşulur, fikir bildirirlər. Fikir bildirmək hər kəsin haqqıdır, amma bundan öncə hər zaman özünün bu mövzuda hansı biliyə sahib olduğunu da düşünməlisən.
Hazırda sözügedən mövzu ancaq müzakirə, söhbət üçün lazımdır. Sosial şəbəkədə bu sualı paylaşın, çoxlu şərh yazsınlar. Elə biz də vaxtaşırı paylaşırıq. Əslində, məsələnin yaxşı və pis tərəfləri var. Yaxşı tərəf: bu mövzunun mövcudluğu onu bildirir ki, cəmiyyət dilin zənginlik səviyyəsinə biganə yanaşmır. Pis tərəf: bu mövzu cəmiyyəti narahat etsə belə, hər hansı irəliləyiş olmur. "Biz dilimizə nə verə bilərik?" sualı heç müzakirə olunmur. Çünki dilimizin kasıb olduğunu düşünən cəmiyyət, əslində, bundan bir əziyyət çəkmir. Əziyyət çəksə, problemin həlli üçün cəhd göstərər. Bəlkə də, əziyyət çəkir. Bəlkə də, cəhd göstərir, amma hər cəhd faydasız olur. Niyə? Çünki malik olduğu bilik hansısa xarici sözün dilimizdə qarşılığını tapmaq üçün iki-üç sözdən ibarət birləşmə yaratmaqdan o tərəfə keçmir. Halbuki dilimizdə, məsələn, mürəkkəb sözlər yaratmaq və ya feildən isim düzəltmək üçün üsullar çoxdur. "Dalğıc", "kəski", "yerləşgə" kimi sözlər buna misal ola bilər. Problem ondadır ki, bu üsullardan istifadə olunmur. "Dil xalqındır!" deyən xalqın əksər hissəsi ondan istifadə edə bilmir. Kasıb olan bizim biliyimizdir.
BY Grammar Azi
Share with your friend now:
tgoop.com/grammarazi1/575