tgoop.com/uzaqlardangelensevinc/3193
Last Update:
Bizdən üç-dörd küçə o yana şuşalılar məhləsi var idi. Şuşadan gələn məcburi köçkünlərin bir hissəsi orada məskunlaşmışdı. Ümumiyyətlə, maraqlıdır ki, Bakının harasında yaşamaqlarından asılı olmayaraq şuşalıların əksəriyyəti bir-birini adla, soyadla tanıyır. Uzaq başı, adının əvvəlində peşəsini qeyd eləmək kifayətdir ki, həmin adamın tərcümeyi-halını danışsınlar.
Həmin şuşalılar məhləsinin bir bucağında Rüfət dayının çayxanası var. Xudmani, dünyanın dərd-sərindən uzaq, köhnə bir yerdi. Oturacaqların üstündə nimdaş döşəkçələr, çox da qalın olmayan iki qatlanmış palazlar, divarda Sovetdən qalma saat, daş stəkanlar, qırağı naxışlı dədə-baba nəlbəkilər və bu kimi neçə-neçə doğma əşyalar, isti ab-hava... Bura Şuaşadakı hansısa çayxananın maketi idi. Bura gələn adamlar da sanki özlərini aldadıb qəmlərini dağıtmağa çalışırdılar. Fəqət qəribsədikləri gün kimi aydın olurdu. Bığı saralmış, əli qabarlı yaşlı babaların bu çayxanada çox söhbətlərini eşitmişdik. Biz Şuşanı bir az da həmin çayxanada tanımışdıq, şuşalıların xatirələri ilə neçə dəfə xəyalən o yerlərə səfər eləmişdik.
Şuşaya gedəcəyimi eşidəndə yolumu həmin məhlədən saldım. Məktəbi bitirəndən sonra bu yerlərə gəldiyim yadıma düşmürdü. İçəri girəndə eyni ab-havanı, oranın xüsusi qoxusunu yenidən hiss elədim, heç nə dəyişməmişdi... Bir şuşalı dostum var idi. Biz orta məktəbdə oxuyanda atasının ürəyi partladı. Onu tanıyanlar deyirdi ki, Fəridin atası, müharibədən ölən gününə qədər Şuşanın xiffətini çəkmişdi. Çayxananı dolanandan sonra Fəridə zəng elədim:
- Şuşaya qar yağıb?
- Hə, Nadir, ora oktyabrdan qar yağır.
- Gəl, halallaşaq, Şuşaya gedirəm.
Fərid telefonda qiyabi bələdçilik elədi. Bir az atasından danışdıq, bir az olub keçənlərdən. Şuşa xatirinə halallaşdıq...
Şuşanın küçələri dolanbadolan...
Yolboyu nəyin yuxu, nəyin gerçək olduğunu ayırd eləmək elə də asan deyildi. Şuşa nəinki müharibədən əvvəl oraları canlı görənlər üçün, hətta müharibədən sonra dünyaya gələn nəsil üçün də müqəddəsdir. Şuşa sevgisi azərbaycanlıların genetikasına kodlaşdırılan instinktlərdəndir. Ona görə də səfər zamanı həyəcanlanmamaq mümkün deyildi. Zəfər yolu bizi dilimizin əzbərinə çevrilə Şuşaya aparırdı. Şahın hüzuruna gedəndə taxtdan qapıya qədər uzanan xalçanın üzərinə qədəm qoyan rəncbər misalı ürək döyüntülərimin əks-sədasını eşidə bilirdim.
Döyüşçülər öz rayonlarının, şəhid yoldaşlarının adlarını divarlara həkk eləmişdilər. Bu nisgilin, eyni zamanda fəxarət hissinin nişanəsi idi. Ümumiyyətlə, Şuşada kədərlə sevincin vəhdəti insanı ağuşuna alır. Hər daşında bir ah var bu yerlərin...
Şuşa şəhərinin çox maraqlı arkitekturası var. Yollar burma-burma qalxıb endikcə şaxələnir və yenə eyni yerdə kəsişir. Hansı istiqamətdə irəliləsən də, dönüb eyni yerə qayıdırsan. Yəni mərkəzin var olmasını bütün cazibəsi, quruluşu ilə anlaya bilirsən. Evlər, yollar xatirə pıçıldayır. Onu mən, ya başqası eşitməsə də, şuşalılar, vaxtilə burada yaşayan yerli camaat yaxşı eşidir...
Dağıntılar içində əzəmət
Yuxarı Gövhər ağa məscidi Şuşanın müqəddəslik simvollarındandır. Göyün bağrını dələn minarələr sanki buranın tarazlığını qoruyur. Bir vaxtlar erməni vandallarının mundarladığı məkanda yenidən müqəddəs ayələrin, duaların səslənməsi İlahi ədalətin bərqərar olduğunu göstərdi. Hər kəs əlini göyə qaldırıb dualar edirdi. Bu, insanların Şuşaya görə şükranlığı idi: Şükür Şuşaya!
Məsciddən sonra Xan qızı bulağına getdik. Natəvanın gözünün yaşı donmuşdu... Şaxta ilə əlaqədar su gəlmirdi. Bu yerlərə də yaz-yay gələcək, bulaqlar çağlayacaq, təbiət oyanacaq. Hələ neçə-neçə nəsillər "Xan qızı"nın gözündən su içəcəklər...
Bulağın yanından pilləkanla Xan sarayı tərəfə irəlilədim. Hamı qala tərəfdə idi. Hər yerə sükut çökmüşdü. Yalnız divarları qalan saray bu halı ilə belə çox əzəmətli görünürdü. Azərbaycan əsgəri də Şuşa kimi məğrur, bu divarlar kimi qürurlu, əyilməz idi.
BY 𝑼𝒛𝒂𝒒𝒍𝒂𝒓🌾
Share with your friend now:
tgoop.com/uzaqlardangelensevinc/3193